İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.
Bu barədə AZAL-dan bildirilib.
Qeyd edilib ki, AZAL-ın sərnişinlərinə Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün "involuntary" və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir.
"Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. Uçuş cədvəlində dəyişiklik və ya yenilik olarsa, bu barədə "Azərbaycan Hava Yolları"nın sərnişinləri operativ şəkildə məlumatlandırılacaq. Daha ətraflı məlumat üçün "Azərbaycan Hava Yolları" QSC-nin "[email protected]" çağrı mərkəzinə müraciət etmək tövsiyə olunur", - məlumatda qeyd edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Milli.Az