Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Naftalan da özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort şəhərlərindən birinə çevrilməkdədir. Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib. Görülən işlərin nəticəsidir ki, Naftalan şəhəri bu gün həm də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 7-də Naftalan şəhərində "Naftalan-Sağlamlıq və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayır. Bu tədbir 2022-ci il oktyabrın 8-9-da Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və "PMD Hospitality"nin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilmiş beynəlxalq elmi-praktik konfransın davamıdır.
Konfransın əsas məqsədi - tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
Konfransda Azərbaycan, Latviya, Litva, Polşa, Macarıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Almaniya və Rusiya Federasiyasının turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Belə bir tədbirin Naftalanda keçirilməsi heç də təsadüfi deyil. Belə ki, son 10 ildə bu şəhərdə görülən işləri həm də ümumi inkişaf dinamikamızın göstəricisi kimi qəbul etmək olar.
Prezident İlham Əliyevin dediyi kimi, bu gün Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməkdədir: "Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu "Çinar", "Qarabağ" və "Qaşaltı" mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni, Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər".
Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, konsert proqramları, musiqili-əyləncəli tədbirlər təşkil edilir. Ümumilikdə son illərin statistikası onu göstərir ki, Naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün Naftalana üz tutanların sayı ildən-ilə artır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bura eyniadlı nadir müalicəvi nefti ilə tanınır. Təbiətdə analoqu olmayan bu neftdən 70-dən çox xəstəliyin müalicəsində istifadə edilir. Keçmiş SSRİ dönəmində Naftalan İttifaqın məşhur kurortları arasında müalicə-sağlamlıq əmsalının yüksəkliyi ilə ön sırada olub. Bütün bunlara görə Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri sayılır. Lakin SSRİ dağılandan sonra məlum hadisələrlə bağlı bundan yararlanmaq mümkün olmayıb. Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində artıq Naftalan və onun qiymətli təbii sərvəti öz keçmiş şöhrətini qaytarmaqdadır.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev AZƏRTAC-a deyib ki, Azərbaycanın sağlamlıq turizmi sahəsində çox geniş imkanlar var: "Naftalan nefti aparılan təbliğat nəticəsində dünyanın əksər ölkələrində populyarlıq qazanıb. Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur".
Assosiasiya rəhbərinin sözlərinə görə, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində rentabelli olmasıdır. Bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə məqsədilə 65-ə yaxın ölkədən 35 mindən çox turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır.
Bir sözlə, işini "Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri", "Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi", "Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqro və eko turizm perspektivləri" adlı panellərdə davam etdirəcək konfransda 10-dan çox ölkənin turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri öz müasir çağırışlarını təklif edəcəklər.
Həmçinin bu gün Naftalanda təşkil olunan beynəlxalq tədbirdə müzakirə olunacaq məsələlər də, dinləniləcək mühazirələr də bu bənzərsiz sağlamlıq turizm məkanının daha geniş coğrafiyada tanınmasına, bura turist axınının daha da sürətlənməsinə təkan verəcək.
Milli.Az