Ermənilərin "qaralama"sı Avropada necə "sənəd" oldu? - 473 nəfərin "əziyyəti" boşa çıxdı

5 Oktyabr 2023 19:35

Avropa Parlamenti Azərbaycanla bağlı 473 səs çoxluğu ilə təsdiqlənmiş qətnamə qəbul edib. Qətnamənin qəbuluna 46 deputat qarşı çıxıb. Qətnamədə Azərbaycanın Qarabağdakı separatçılara qarşı apardığı 1 sutkalıq antiterror tədbirləri "əvvəlcədən planlaşdırılmış hücum" kimi qələmə verilir və Azərbaycana qarşı sanksiya tələb olunur. Üstəlik separatçılara qarşı yönəlmiş bu əməliyyat Qarabağ ermənilərinə, ( mülki şəxslər də daxil ) qarşı "əsassız hərbi hücum" kimi də qiymətləndirilir.

Deyəsən, Aİ gecə saatlarında Azərbaycanın mülki vətəndaşlarına qarşı xaincəsinə təşkil edilmiş minalı hücumu unudub. Əks halda, onların lokal xarakterli antiterror əməliyyatlarını "əvvəlcədən planlaşdırılmış" və "beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulması" kimi təqdim etməsi hər hansı məntiqə sığmır. Görünür, elə ermənilər tərəfindən hazırlanmış "qaralama kağızı" sənəd formasına salınaraq nəzərdən keçirilmədən qəbul edilib. Bu qədər səhvlər ibarət sənədin qəbul olunması bunu deməyə əsas verir.


 

Hələ bunlar azmış kimi onlar ermənilərin etnik təmizlənməyə məruz qaldıqlarına da inanır. Bu qədər faktları, sübutları danan parlament "Laçın dəhlizinin blokadası"nın dərhal götürülməsini tələb edir. Onlar hətta DTX tərəfindən qandallanaraq Bakıya gətirilmiş separatçıların azad olunmasını da istəyir.

Əslində, Ermənilərdən daha çox ermənipərəst mövqedən çıxış edən Avropa Parlamentinin bu qətnaməsi gözlənilməz qərar kimi hesab edilməməlidir. Çünki, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı dəfələrlə bu cür münasibət nümayiş olunub. Başdan ayağa ittihamlardan ibarət olan bu qərarın qəbulu Azərbaycana qarşı qərəzin daha bir nümunəsidir. Bu qətnamə sübut edir ki, üzvlərinin adı dəfələrlə korrupsiya qalmaqallarında çəkilən Avropa Parlamenti müxtəlif lobbi qruplarının maraqlarına xidmət edir.

Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir, - ölkə başçısı İlham Əliyev ötən ilin iyulunda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman söyləyib.

Dövlət başçısının da dediyi kimi Avropa Parlamenti Ermənistan ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressiv mövqedədir. Bu qurum Avropadakı təşkilatlar və siyasi institutlardan ən qatı anti-Azərbaycan mövqeyi tutması ilə fərqlənir. Yəqin ki, bu da erməni lobbi qruplarının onların üzərində müəyyən təsirindən irəli gəlir. Avropa məkanında, Avropa Parlamentində Azərbaycanı gözdən salmağa, imicini ləkələməyə çalışan anti-Azərbaycan qruplaşması yaranıb. Avropanın hüquq-mühafizə orqanları tərəfindən Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbisinin üzvləri arasında əlaqələr araşdırılsa yaxşı olar. 

Avropa Parlamentinin üzvləri anlamalıdır ki, beynəlxalq hüquq çərçivəsində siyasət yürüdən Azərbaycan üçün bu qətnamə kağız parçasından başqa bir şey deyil. Rəsmi Bakı bu qərarı əhəmiyyətli hesab etmir. Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır ki, bu qətnamə də Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesinə vurulan ağır zərbələrdən biridir.

Bəxtiyar Umarlı
Milli.Az