Cənubi Qafqazın "dərdinə şərik" olan Qərb - Gözləntiləri alt-üst edən qərar...

4 Oktyabr 2023 15:50

Oktyabr ayının 5-də ölkə başçısının İspaniyaya səfəri nəzərdə tutulmuşdu. O, Qranada adasında Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə təşkil olunan görüşdə iştirak edəcəkdi. Prezident bu görüşə getməkdən imtina edib.

Bu görüş İrəvan üçün əsl fürsət olacaqdı. Çünki, masa ətrafındakıların hər biri Ermənistanın dəstəkçiləri hesab olunur. Formalaşmış tam anti-Azərbaycan mühitində Paşinyan sərhədlə bağlı istəklərini irəli sürə bilərdi. O, səfərdən əvvəl sərhəddə gərginlik də yaratmağa çalışırdı.

Azərbaycan istəyirdi ki, bu görüşdə Türkiyə tərəfi də iştirak etsin. Amma, Fransa və Almaniya buna mane olub. Cənubi Qafqazın məsələsini regiondan uzaq ölkələrlə müzakirə etmək isə proseslərin daha da uzanmasından başqa nəsə vəd etmir.

Bundan əlavə, Fransanın destruktiv mövqeyi, xüsusilə, XİN başçısı Ketrin Kolonanın İrəvana səfəri, onun Azərbaycanla bağlı fikirləri, iddialı çıxışları bu görüşdən imtinanın əsas səbəblərindəndir. Aydın məsələdir ki, ASALA-nı dirçəlməyə çalışan Fransa Ermənistanın militarizasiya prosesini sürətləndirmək istəyir. Onlar Cənubi Qafqazda sülhün yox, əksinə qarışıqlığın tərəfdarıdır. Ermənistanı Azərbaycana qarşı terrora hazırlaşdıran Fransanın regional məsələlərdə iştirakı yolverilməzdir.

Görüşün digər iştirakçısı isə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel olacaqdı. O, ötən günkü müsahibəsində erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinsə də, Azərbaycanla münasibətlərin çətin olduğunu söyləyib və bir növ antiterror tədbirlərinə görə bizi qınayıb. Şarl Mişel erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunmasında Azərbaycan tərəfinin böyük məsuliyyət daşıdığını qeyd edib.

Anti-Azərbaycan mühitinin formalaşdığı, Azərbaycanın Türkiyə ilə bağlı israrının nəzərə alınmadığı, destruktiv mövqe nümayiş etdirən ölkənin iştirak edəcəyi Qranada görüşündən imtina Azərbaycanın suveren hüququdur. Bunu hətta, bugünkü brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova da söyləyib. ABŞ isə bu məsələlərdə hələki səssizliyini qoruyur. Onlar əsasən "USAİD" kimi təşkilatları vasitəsi ilə Cənubi Qafqaza müdaxilə etməyə çalışırlar.

Bəxtiyar Umarlı
Milli.Az