ABŞ-ın dəyişilməyən, ona xas olan xarici siyasətindəki bəzi ştrixlər zaman-zaman özünü bütün çılpaqlığı ilə büruzə verir. Belə ki, Ağ Ev açıq şəkildə digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasına bu gün də "sadiq" olduğunu nümayiş etdirir. Bu məsələlərdə ABŞ üçün qara işləri görən qurumlardan biri heç şübhəsiz ki, onun Beynəlxalq İnkişaf Agentliyidir (USAİD). Bu qurum vasitəsi ilə ABŞ digər dövlətlərin daxili işlərinə çox asanlıqla müdaxilə edib, oradakı vəziyyəti öz istəyinə uyğun şəkildə dəyişməyə artıq alışqanlıq halına gətirib.
İstisna edilmir ki, USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə edərək, orada qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışan qurum funksiyasını icra edir. Bu mənada qeyd edə bilərik ki, son günlər qonşu ölkə Gürcüstanda baş verən hadisələrdə USAİD-in adı geniş hallanmaqdadır. Belə anlaşılır ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) indi də Gürcüstanı qarışdırmaqla məşğuldur.
Elə USAİD-in 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırdığı faktı bu iddiaları daha da alovlandırır. Göründüyü kimi, Amerika "vətəndaş cəmiyyəti quruculuğu" adı altında bir çox dövlətlərin daxilinə nüfuz edib, həmin ölkələrin narazı kütlələrini küçələrə çıxarmağa müəssər olurlar. ABŞ Amerika xalqının vergiləri hesabına formalaşan büdcəsindən USAİD və digər belə təşkilatların lazımsız və perspektivsiz layihələrinə pul ayırmaqla külli miqdarda vəsaiti göyə sovurmaqla məşğuldur. Məhz bu pullar hesabına, ayırdıqları qrantlar yolu ilə bir çox ölkələrin gününü göy əskiyə bükməyi qarşıya məqsəd qoyub.
Cənubi Qafqazda ABŞ-ın güc balansını xeyrinə dəyişib, vəziyyəti tamamilə ələ almaq istiqamətindəki "fəallığı" diqqətdən yayına bilməz. Artıq Ermənistan məsələsi "cibdədir". Qalır Gürcüstan və Azərbaycan. Ağ Ev görünür çox yaxşı anlayır ki, Azərbaycanda bunu bacarmaq onlar üçün olduqca çətindir. Böyük ehtimalla son 3 ildə bölgədəki müharibə və antiterror tədbirlərindəki Zəfərlər və uğurlu islahatların USAİD-in Azərbaycanla bağlı planlarının zərrə qədər də olsun reallaşmasına imkan verməyəcəyinin yaxşı fərqindədir.
44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ ənənəvi taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBT, əxlaqsızlığı təbliğ edən "feministlər", Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan "NoWar"çılardan istifadə etməyə çalışır, bu qruplara maliyyə isə məhz USAİD xətti ilə ayrılır. Lakin göründüyü kimi, bütün bu cəhdlərin hamısı yetərsiz, Azərbaycan dövlətinin və xalqının iradəsi qarşısında çox cılız görünür.
Elə bunu nəzərə alaraq ABŞ Cənubi Qafqazın digər ölkəsi Gürcüstanın daxili işlərinə müdaxilə edib, orada xaos vəziyyət yaratmaqla, auditoriyanı ələ alıb, prosesləri istəklərinə uyğun şəkildə idarə etməyi qarşılarına məqsəd qoyublar.
Təəssüf ki, bəli, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) indi də Gürcüstanı qarışdırmaqla məşğuldur. Son günlər qonşu ölkədə baş verən hadisələrdə USAİD-in barmağının olduğu zərrə qədər də istisna edilmir. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 2-də açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalılar maliyyələşdirməkdə ittiham etməsi deyilənləri bir daha təsdiq edir.
Maraqlı məqam ondan ibarətdir ki, ABŞ bunu USAİD vasitəsi ilə tamamilə fərqli üsullarla və ağılagəlməz ölkələrin nümayəndələri ilə reallaşdırmaqla iz itirməyə çalışır. Gürcüstan DTX-nin məlumatına nəzər salsaq görərik ki, USAİD-in Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı - Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç sentyabrın 25-də Gürcüstana gəlib. Onların Gürcüstana gəlişinin əsas məqsədi də açıqlanıb. Qeyd olunub ki, bu ilin oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub.
Bu, USAİD-in əsl simasıdır. Başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan yerli təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdürlər. Qeyd edə bilərik ki, bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan illər əvvəl yaşayıb, amma güclü dövlət olaraq USAİD kimi qurumların planlarının reallaşmasına imkan verilmədi.
Son illər də biz USAİD-in iştirakı ilə anoloji addımları müşahidə etdik. Azərbaycanda müharibə əleyhinə hərəkatın - NoWar-çıların mövqelərinin güclənməsi üçün USAİD və digər xarici təşkilatların səylərini artırması da təsadüfi deyildi. Məqsəd status-kvonun saxlanması, Azərbaycan ərazilərinin azad olunmasına maneələrin yaradılması idi. USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Rəsmi Bakı bütün xarici qüvvələrin müdaxilə və təzyiqlərindən yayınmağı bacardığı kimi, bunun da öhdəsindən gəlməyi bacardı.
Təhməz Əsədov
Trend