"SALAM" Beynəlxalq Yeniyetmə Film Festivalı dünyanın digər ölkələrində keçirilən festivallarla dostluq və əməkdaşlıq əlaqələrini genişləndirməyə davam edir. Belə ki, Azərbaycan yeniyetmələri Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "TAOBA" Beynəlxalq Yeniyetmə Film Festivalına dəvət almışlar. 6-cı dəfə keçirilən Festivalda yerli iştirakçılardan başqa İtaliya, Çex Respublikası, Estoniya və Azərbaycandan olan yeniyetmələr iştirak etmişlər . Azərbaycandan olan nümayəndə heyətinə Ayna Ələkbərova, Əminə Məcidova, Leyli Musayeva və Sənan Əliyev daxil olmuşdur.
Həftə ərzində, 2023-cü il sentyabrın 25-dən oktyabrın 1-dək olan müddətdə Festival iştirakçıları dünya kinematoqrafiya nümunələrini seyr etmək, kinoindustriyanın məşhur nümayəndələri və bəzi ulduzları ilə görüşmək, ustad dərslərində və seminarlarda iştirak etmək və bir çox əyləncəli proqramların, ekskursiyaların iştirakçısına çevrilmək imkanına malik olmuşlar.
Azərbaycan yeniyetmələri hər gün Festivalın "Ən yaxşı tammetrajlı bədii film" konkurs proqramına daxil olan filmləri seyr etmış, müzakirələrdə aktiv iştirak edərək suallar vermış və öz təəssüratları ilə bölüşmüşlər. Bundan əlavə, yeniyetmələrimiz Festivalın digər iştirakçılarını Azərbaycanın mədəniyyəti, adət-ənənələri və tarixi ilə daha yaxından tanış etmək və eyni zamanda, onlardan digər ölkələr haqqında məlumat almaq üçün hər bir imkandan istifadə etməyə çalışmışlar .
Qeyd etmək istəyirik ki, "TAOBA" Festivalı , həmçinin, "Narimanfilm" kinostudiyasının 28-31 avqust 2023 tarixlərində Bakıda keçirdiyi ikinci "SALAM" Beynəlxalq Yeniyetmə Film Festivalının iştirakçılarının görüş yerinə çevrilmişdir. Beləliklə, Azərbaycan yeniyetmələri burada öz "köhnə" dostları ilə görüşdən sevinməklə yanaşı, yeni-yeni dostlar qazanmağa da nail olmuşlar.
Milli.Az