Türkiyənin İzmir şəhərində keçirilən TEKNOFEST müdafiə sərgisində "Keçi" robotları təqdim olunub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulan robot itlər "Bites Savunma" şirkəti tərəfindən istehsal olunub.
Şirkət rəsmisi bildirib ki, "Keçi" robotları digər insansız platformalarla müqayisədə öz fəaliyyət sahələrinin coğrafiyasına daha çox uyğundur. O, dağlıq, qayalıq və çətin relyefə malik ərazilərə daxil olmaq üçün daha sürətli hərəkət edən bir robot hazırladıqlarını ifadə edib.
"Robot təxminən 25 kiloqramlıq yük daşıya bilir. 1 metrlik sahədən tullana bilir. Əməliyyat sahələrində yüklərin bir yerdən başqa yerə daşınması, rabitə nöqtəsi yaradılması, kəşfiyyat, minaların axtarışı, mağaralara lazımi sursatların yerləşdirilməsi və mağarada araşdırmaların aparılması kimi bir çox xüsusiyyətlərə malikdir. Quru Qoşunları və ya Xüsusi Təyinatlı Qüvvələrin ehtiyac duyduqları əməliyyatlarda istifadə edə bilər. Bir çox sınaqdan keçirilib. Hazırda tətbiq sahələrində sınaqdan keçirilməlidir", - şirkətin direktoru qeyd edib.
Sınaqların başa çatmasından sonra robot itlərin Türkiyə ordusunun istifadəsinə veriləcəyi gözlənilir.
Milli.Az