Pivə satmaq üçün lisenziya almaq lazımdırmı?
21 May 2010 09:50
Havaların qızması ilə əlaqədar pivə mövsümü də start götürüb. Paytaxtın kafe və restoranlarında pivə satışı getdikcə artır. Bu günlərdə xırda sahibkarlıqla məşğul olan bir qrup şəxs Milli.Az xəbər portalına məktub ünvanlayıb.
Məktubda göstərilir ki, onlar işlətdikləri kafedə pivə satmaq istəsələr də, buna mane olanlar var. Belə ki, şikayətçilərin yazdığına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşları onlardan pivə satışı üçün lisenziya tələb edirlər. Sahibkarlar isə pivə satışı üçün lizenziyanın alınıb-alınmamasını dəqiq bilmədiklərindən, onları məsələnin qanuni tərəfi maraqlandırır.
Qarşıdan isti yay günlərinin gəldiyini və bəzi qida məhsulları kimi, insanların pivəyə olan tələbatının da artdığını nəzərə alaraq bu məsələni aydınlaşdırmaq qərarına gəldik.
Bakı şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, pivə satışı üçün lisenziyanın alınmasına ehtiyac yoxdur.
Departament rəsmisinin sözlərinə görə, lisenziya yalnız alkoqollu içkilərə və tütün məmulatlarına şamil edilir: "Pivənin satılmasında heç bir problem yoxdur. Bu içki lisenziyasız satıla bilər. Alkoqollu içkilər və tütün məmulatları üçün dövlətin müəyyən etdiyi rüsum var. Hər iki məhsulun satışı üçün 5 il müddətinə lisenziya məbləği 440 manat təyin olunub".
Ə.Bağırov qeyd etdi ki, əvvəllər pivə üçün də lisenziya tələb olunurdu. Lakin sonradan sahibkarların vəziyyəti nəzərə alınaraq onun satışı üçün lisenziya ləğv edilib. "Eyni zamanda, alkoqollu içkilər və tütün məmulatları üçün təyin olunmuş 2 illik lisenziya müddəti 5 il müddətinə artırılıb. Bu addım sahibkarlığın inkişafında öz effektini göstərdi" - deyə Ə.Bağırov əlavə etdi.
Anar Məmmədov
Milli.Az