Ermənilər ən önəmli sınaqla üzləşiblər: məhv, yoxsa inkişaf?

27 Sentyabr 2023 15:51

Paradoksa da olsa, Azərbaycanın reallaşdırdığı lokal antiterror tədbirlərindən sonra "kollektiv Qərb" adlanan, amma əsla belə olmayan və yekcins müstəvi təsir bağışlamayan ABŞ ilə Avropa İttifaqında fikir birliyi yaranıb.

Həmrəyliyin səbəbi Azərbaycanla Ermənistana olan münasibətdir.

Qarabağlı ermənilərin reinteqrasiyası, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşmış silahlı dəstələrin tərksilah edilməsi indi həllini dərhal, təxirəsalınmaz şəkildə tələb edən məsələlərdir.

Qarabağlı ermənilərin sosial-iqtisadi problemlərinin həlli, infrastrukturun bərpası, hətta Xankəndinin elektroenerji təminatı probleminin həlli kimi məqamlar ilk baxışda ikinci dərəcəli məsələlər təsiri bağışlasa da, belə deyil.

Azərbaycan cəmiyyətinə reinteqrasiya olmaq istəməyən qarabağlı ermənilər ölkəni tərk edərək Xankəndi-Gorus marşrutu ilə, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsini keçərək Ermənistana yollanırlar.

Onlarla qarabağlı erməni Azərbaycan mediasına verdikləri açıqlamalarda panikaya qapıldıqlarını, bir müddətdən sonra, "ara sakitləşəndə" geri dönəcəklərini deyirlər. Həmin ermənilər azərbaycanlı hərbçilər və polislər tərəfindən heç bir zorakılıq, yaxud təzyiqlə qarşılaşmadıqlarını deyirlər.

Deyirlər, amma Ermənistana tərəf keçən kimi, Gorusda tam fərqli, diametral əks məzmunlu bəyanatlar verərək "qorxudulduqlarını, köçə vadar olunduqlarını, hədələndiklərini" söyləyirlər.

Ermənistanda qarabağlı ermənilərə münasibət də birmənalı deyil. Belə ki, onlara ayrılan yardımlar bilavasitə həmin şəxslərə verilmir, bürokratik aparata təqdim olunur. Nəticədə Ermənistan üçün ənənəvi korrupsiya və mənimsəmə baş alıb gedir.

İndiyədək Avropa İttifaqı yardıi qismində İrəvana 5 milyon avro, Fransa - 7 milyon avro, İsveç - 1,5 milyon avro, ABŞ isə 11,5 milyon dollar vəd edib.

"Konsensus"un digər təzahürü isə kapitulyasiya etmiş separatçı rejimin nəzarətində olmuş ərazilərə ABŞ və Avropa İttifaqının birgə müşahidə missiyası yollamaq niyyətidir.

At Evin mətbuat katibi Metyu Millerin dediyinə görə, sən demə, "rəsmi Bakı bu təklifə müsbət yanaşıb".

Halbuki əsla belə deyil: rəsmi Bakı Qarabağa Beynəlxalq Müşahidəçi Missiyanın yerləşdirilməsinə ehtiyac görmür. BMT-nin Azərbaycandakı rezident-koordinatorunun ofisinin Qarabağa səfəri baş tuta bilər - maksimum ola biləcək budur.

"Beynəlxalq Müşahidəçilər Missiyası" Qarabağa səfəri baş tutsa belə, onlar nəyi, nə üçün müşahidə edəcəklər?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer Ermənistanda qarabağlı ermənilərlə görüşündə deyib ki, "həmin insanları dinləmək, situasiyadan məlumatlı olmaq gərəkdir".

Diplomatik kazuistikadan normal dilə "tərcümə"də Pauer ermənilərin deyiğ ki, Birləşmiş Ştatlar "qarabağlı ermənilərə qarşı təzyiq, təqib, zorakılıq və ya qısnama faktları axtarırlar".

ABŞ və Avropa İttifaqının hazırda situativ müttəfiqlər kimi eyni cəbhədən çıxış etmələrinin bir məqsədi də hazırda Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasının (EUMA) səlahiyyətlərinin genişləndirilməsi, Qarabağda da "müşahidəçilər" qruplarının fəaliyyət mandatı əldə etməsidir.

Bu arada İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbləri ilə keçirilən aksiyalardakı narrativlər də maraqlıdır.

Ermənistanın ənənəvi müxalifətinin bəyanatlarına və bu aksiyaları tam dəstəkləyən Rusiyanın mediasının açıqlamalarına rəğmən, etiraz edənlərin sayı hələ də kritik həddə çatmayıb. Tam əksinə, Nikol Paşinyana "Xəyanətkar, rədd ol!" deyənlərin sayı hər yeni aksiyada daha da azalır.

Səbəblər çoxdur, lakin onların arasında ikisi ön plandadır:

1, Ermənistanın mövcud müxalifəti birləşə bilmir, vahid mübarizə taktikasına malik deyil, məqsədlərini müəyyənləşdirməyib və ümumiyyətlə, hakimiyyət dəyişikliyinə nail olmaq potensialında deyil

2. Ermənistan vətəndaşlarında ümumi narazılıq və hətta qəzəb hissi güclü olsa da, onlar aksiyaların arxasında duranların Rusiyadan dəstək aldıqlarını anlayırlar. Ermənilər sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın yenidən hakimiyyətə gəlməsini, yaxud bu şəxslərin başçılıq etdikləri, əslən Qarabağda olan ermənilərdən ibarət klanın başqa nümayəndələrinin iqtidara kontrolu ələ keçirmələrini istəmirlər.

Müxalifətçilərin İrəvanın mərkəzi küçələrini bağlayaraq hərəkəti dayandırmaq və xalqı etiraz aksiyalarına cəlb etmək planları da puç olub.

Hələlik müxalifət liderlərinin əsas dinləyiciləri xüsusi təyinatlı polislərdir. Məhz onlar müxalifətçilər danışmağa başlayan kimi hərəkətə gəlir və aksiyanın fəallarını saxlayaraq polis idarələrinə aparırlar.

Rusiya Federasiyasının Xankəndində yolladığı Ruben Vardanyanın separatçılıq hekayəsinin faktiki olaraq, bitdiyini nəzərə alsaq, situasiyanın ermənilər üçün necə mürəkkəb olduğu aydınlaşar.

"Laçın" dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağın dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan üzləşdikləri pat situasiyadan çıxış yolu arayırlar.

Təbii ki, Nikol Paşinyan problemləri həll etmək, hakimiyyətdə qalmağa çalışır.

Lakin əvvəlki təşviş və ya narahatlıq yoxdur. Paşinyanla yanaşı, hakimiyyətdəki komanda artıq anlayıblar ki, erməni müxalifəti və bu müxalifəti maliyyələşdirərək idarə edən qüvvələr real olaraq hansısa genişmiqyaslı aksiyalar təşkil etmək gücündə deyil.

İki kapitulyasiyaya, məğlubiyyətlərə, qarabağlı erməni separatizminin sonunun çatmağına, populyarlıq reytinqinin aşağı düşməsinə rəğmən, Nikol Paşinyan bu sınaqdan da çıxmaq ərəfəsindədir.

Səbəb bəsitdir: ermənilər anlayırlar ki, Paşinyanın istefasını tələb edənlər cəmiyyətlə ölkənin üzləşdiyi problemləri həll etmək, böhranları çözmək potensialından məhrumdur.

Bu səbəbdən də Ermənistan inkişafını istəyirsə, ilk əvvəl müxalifətini dəyişməlidir.

Elçin Alıoğlu
TREND