Xankəndidə idarəetmə belə olacaq – Polis və digər qurumlar bu tarixdən...

26 Sentyabr 2023 00:14

Ötən həftə baş tutan anti-terror əməliyyatlarından sonra ağ bayraq qaldıran və danışıqlarla başlayan separatçıların qanunsuz "idarəetmə" fəaliyyətləri demək olar ki, tamamilə çöküb. Erməni icmasının yaşadığı ərazilərdə ən primitiv ehtiyacların qarşılanmasında belə aciz olan separatçı xunta yavaş-yavaş öz yerini qanuni Azərbaycan hakimiyyətinə vermək üzrədir. Bəs görəsən Xankəndində qanunsuz xunta rejimi öz fəaliyyətini tam olaraq nə zaman bitirəcək? Azərbaycan polisi Xankəndində və ətraf ərazilərdə fəaliyyətə hansı vaxtdan etibarən başlayacaq?

Milli.Az xəbər verir ki, bu və digər suallarla bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb.

"Qarabağdakı separatçı rejimin özünü buraxma prosesinin yaxın zamanlarda tam reallaşması gözlənilir. Son proseslərdən sonra erməni sakinlərə bütün kommunal xidmətlərin, qida və dərman vasitələrinin Azərbaycan tərəfindən verildiyi üçün artıq separatçı rejimin təsir imkanları olduqca məhdudlaşdırılıb. Bütün bu faktorlar Qarabağın erməni əhalisində Azərbaycan yönümlü müsbət fikirlərin formalaşmasına birbaşa təsir göstərir. Məncə bundan sonra separatçı rejimin əlində hər hansı hüquqi statusu qalmayacaq. Yaxın zamanlarda separatçıların və yerdə qalan qanunsuz silahlı birləşmələrin sülhməramlılara məxsus helekopterlərlə Qarabağı tərk etməsi və xarici ölkələrə qaçması gözlənilə bilər. Əlbəttə ki, xunta rejim qaçdıqdan sonra idarəetmə tam şəkildə Azərbaycana keçəcək və hesab edirəm ki, mərhələli şəkildə polis asayişi qorumaq üçün fəaliyyətə başlayacaq. Əlavə olaraq ermənilər və azərbaycanlılar arasında birlikdə yaşayışı, münasibətləri və əlaqələri müşahidə etmək üçün monitorinq mərkəzi də yaradıla bilər. Düşünürəm ki, 2025-ci ilə kimi mərhələli və sistemli şəkildə Xankəndidə və erməni əhalisinin yaşadığı digər ərazilərdə Azərbaycan polisinin, digər güc strukturlarının, idaretmə orqanlarının fəaliyyəti tam formada oturuşmuş olacaq. Bu dövlətimizin konstusiyon səlahiyyətləridir və onu da tam şəkildə həyata keçiriləcək".

Milli.Az