Qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə, qeyri-kafi yuxu və stress səbəbindən son illər uşaqlarda ürək xəstəlikləri daha çox yayılıb. Uşaq kardioloqu Sinem Altunyuva uşaqlarda ürəyə ziyan olan səhv qidalanma vərdişlərini açıqlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, kardioloqun fikrincə, uşaqların ürək sağlamlığının qorunmasında valideynlərin rolu çox vacibdir.
Onun sözlərinə görə, valideynlər uşaqlarına sağlam qidalanma və idman vərdişlərini aşılamalıdır:
"Qeyri-sağlam qidalanma uşaqlarda ən çox rast gəlinən xroniki xəstəliyə çevrilən piylənmədə mühüm rol oynayır. Beynəlxalq Piylənmə Komissiyasının hesabatına görə, dünya üzrə 5-17 yaş arası uşaqların təxminən 20-25 faizi artıq çəki və ya piylənmədən əziyyət çəkir. Sənaye məhsulları piylənmənin əmələ gəlməsini asanlaşdırır. Məsələn, qablaşdırılmış desertlər, dondurmalar, tərkibində yüksək miqdarda şəkər olan qazlı içkilər, soyuq çaylar, rəngli və meyvəli südlər metabolik sindromun, həmçinin ürək-damar xəstəliklərinin inkişafını asanlaşdıra bilər. Bu səbəbdən də uşaqları belə qidalardan çəkindirmək lazımdır.
İşlənmiş ət məhsullarının istehlakı başqa bir yanlış yemək vərdişi kimi diqqəti çəkir. Son araşdırmalar göstərib ki, bu növ ətin istehlakı ürək-damar xəstəlikləri riski ilə yanaşı, xərçəng xəstəliyinin də artması ilə əlaqələndirilir. Məhz elə bu səbəbdən kolbasa, sosiska kimi qidaların istehlakının azaldılması, hətta ondan çəkinmək lazımdır. Bu kimi qidaların əvəzinə tərkibi lif, fol turşusu, kalsium, kaliumla zəngin qidalar istehlak edilməlidir".
Milli.Az