Azərbaycan xalqı yenidən tarixi anlara şahidlik edir. Şuşanın azad edilməsi zamanı yaşanan hislərin eynisi bu gün də təkrarlanır. Buna səbəb bugün səhər saatlarında Xankəndi yolunda ermənilərin "qələbə simvolu"na çevrilmiş tanklarının götürülməsidir. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edildikdən sonra bərpa olunaraq Şusaya tuşlanmış bu tank abidəsinin sökülməsi, eləcə də Azərbaycan bayrağının işğaldan azad olunan ərazilərdə dalğalanması ilə bağlı kadrlar qələbə zamanı yaşadığımız hissləri yenidən yada salır.
44 günlük müharibədən sonra tarixi zəfərimizə kölgə salmaq istəyən şəxslər, "bəs Xankəndi hanı?", "bu, qələbə sayılmır" tipli şərhlər yazanlar son iki gün ərzində baş verən proseslərin nəticəsinə "udqunaraq" baxırlar. Çünki, Azərbaycan uğurlu diplomatik siyasət apararaq mümkün olan ən qısa zaman müddətində qələbəsini tamamlandırdı. Bu qələbə müzəffər ordumuzun əl işi, uğurlu siyasətin, xalq-hakimiyyət birliyinin nəticəsidir.
Ötən gün diqqət Yevlaxa yönəlmişdi. Çünki, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Ramin Məmmədov arasında görüş keçirilirib. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Reinteqrasiya üzrə planlar təqdim edən Ramin Məmmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyini bildirib. Qarşı tərəf də öz ehtiyaclarını sadalayıb. Onların dediyinə görə ən çox yanacağa ehtiyacları var.
Qarabağın erməni sakinlərinin xahişi nəzərə alınmaqla səhər saatlarında Bakıdan Xankəndiyə yük maşını yola düşüb. Hər birində 20 ton yük olmaqla iki "TIR" Xankəndinə çatmaq üzrədir. Yük avtomobilləri vasitəsi ilə çörək, makaron, yağ, peçenye gigiyenik vasitələr və başqa məhsullar göndərilib. "TIR"lar Ağdam- Xankəndi yolu ilə hərəkət edərək ünvanına çatacaq.
Bir müddət əvvəl separatçılar bəyan edirdi ki, bu yol ümumiyyətlə açılmayacaq, Azərbaycanın çörəyini istəmirik, "türk çörəyi" boğazımızdan keçməz. Bir neçə gün sonra bu yol əvvəl BQXK maşınları üçün indi də bizim maşınlarımız üçün açılıb.
Azərbaycan nə qədər məsələlərin sülh yolu ilə həllinə çalışsa da, separatçılar prosesləri maksimum uzatmağa çalışdırlar. Onlar dəfələrlə təxribatlar törədərək hədlərini aşırdılar. Bakı nə qədər səbrli davransa da, sonuncu terakt vəziyyəti dəyişdirdi. Ordumuz lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur qaldı. Bu tədbirlər zamanı mülki şəxslərə zərər dəymədi, burunları belə qanamadı. Hərbçilərimiz sadəcə hərbi obyektləri, texnikaları hədəf alaraq 1 sutkadan belə az vaxt ərzində separatçıların ağ bayraq qaldırmasını təmin etdi. Antiterror tədbirləri və onun nəticəsi kimi Yevlax görüşü separatçılarla yanaşı, onların vədlərinə inandıqları Qərb üçün də dərs olmalıdır. Azərbaycana qarşı qərəzli siyasət yürüdən hər bir ölkə dövlətimizin gücünü bilməlidir.
Bəxtiyar Umarlı
Milli.Az