Azərbaycan bu məsələdə güzəştə getməyəcək - ŞƏRH

21 Sentyabr 2023 14:59

Azərbaycanın 24 saat ərzində böyük məqsədlərə nail olmasının şahidi olduq. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyinin və Azərbaycan Ordusunun şücaətinin göstəricisidir.

Bunu Trend-ə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, daha öncə Azərbaycana təslim olmaycağını, reinteqrasiya etməyəcəklərini, qanunsuz hərbi birləşmələrin hər zaman bölgədə qalacağını bildirən separatçılar bir daha "dəmir yumruğ"a məruz qalaraq, təslim oldular, ağ bayraq qaldırmalı oldular.

"Bu, bir reallıqdır və bu reallığı ərsəyə gətirmək asan olmadı. Ermənistan öz yaxın qardaş və bacıları ilə birgə ölkəmizə qarşı çirkin planlar hazırlayırdı. Ayrı-ayrı geosiyasi, beynəlxalq və regional oyunçuların bölgə ilə bağlı planları var idi. Lakin rəsmi Bakı apardığı müdrik siyasətlə bütün bu planları alt-üst etdi və sübut etdi ki, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç kəsə güzəştə getmək fikrində deyil.

Prezident İlham Əliyev ötən gün çıxışı zamanı beynəlxalq səviyyədə bəzi güclərin ermənipərəst siyasət apardığını qeyd etdi, onları bölgədəki proseslərə müdaxilə etməməyə çağırdı", - deyə Z.Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Yevlaxda keçirilən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə edilib.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Milli.Az