Rusiyalı sülhməramlıları kim güllələdi?

20 Sentyabr 2023 20:08

Rusiya sülhməramlılarının olduğu avtomobilin atəşə tutulması şübhəli, amma çox şübhəli məsələ sayıla bilər.

Bədbin olmayaq, soyuqqanlı şəkildə situasiyanı təhlil edək.

Beləliklə, nə baş verdi?

Rusiya Sülhməramlı Kontingentinin müşahidə məntəqəsindən qayıdan 8 nəfərlik heyətinin olduğu avtomobil Canyataq kəndi yaxınlığında atıcı silahlardan atəşə tutulub. Rəsmi açıqlamada belə deyilir.

Çox yəqin atəş "Kalaşnikov" avtomatlarındana açılıb. Bu məqamı yadda saxlayaq.

Avtomobil yolda pusquya salınıb.

Riyazi məntiq qanunlarına əsasən, məchullardan ibarət tənlik məlumdur.

Rusiya Federasiyasının sınanmış, dəfələrlə uğurla tətbiq edilmiş şablon ssenarisi bu dəfə Azərbaycanda reallaşdırıldı.

1. Əgər Rusiya atəşin azərbaycanlı hərbçilər tərəfindən açıldığından şübhəli olsaydı, bu barədə RF Müdafiə Nazirliyi dərhal, təcili açıqlama verərdi.
Belə açıqlama hələ yoxdur.

2. Atəşin kim tərəfindən açılması Rusiya üçün heç nəyi dəyişmir: məqsəd şübhəlini və ya suçluun müəyyənləşdirmək deyil. Yəni Moskvaya proses yox, nəticə gərəkdir.

3. Gəldik əsas məsələyə. Rusiyanın əsas geosiyasi və geostrateji məqsədləri bəlli: Azərbaycanda RSK-nın maksimum müddətdə saxlamaq, 2025-ci ildən sonra da Qarabağda qalmaq. İndiki situasiyada isə Rusiyanın hədəfi sülhməramlıların real iş gördüklərini, effektiv fəaliyyətlə məşğul olduqlarını göstərməkdir. Bu minvalla Moskva hazırda Ermənistanda radikallaşan və aqressivləşən anti-Rusiya meyllərinə narrativ zərbə endirmək, "baxın, işləyirik, erməniləri təxliyyə edirik, hətta sülhməramlılarımız da həlak olur" tezisini gündəmə gətirərək təkrarlamaqdır.

Şübhə etmirəm ki, məhz belə olacaq.

4. Rusiyalı sülhməramlıların atəşə tutulmasını "vertolyot olayı"na bənzədənlər emosional mühakimə yürüdürlər. Belə deyil. Həmin olaydan Rusiya maksimum istifadə etməyə çalışsa da, rəsmi Bakı buna imkan verməmişdi. İndiki olay da yaşanan proseslərə ciddi təsir etməyəcək, Bakının mövqelərində heç bir dəyişikliyə səbəb olmayacaq.

Elçin Alıoğlu