Standard & Poor's: "Azərbaycan bankları risklərin qəbuluna orta hazırlıq nümayiş etdirir"
14 May 2012 20:20
Azərbaycan bankları risklərin qəbuluna orta hazırlıq nümayiş etdirir. Trend-in məlumatına görə, bu barədə "Standard & Poor's" kredit reytinqləri xidmətinin yaydığı məlumatda deyilir.
"Azərbaycan Beynəlxalq Bankı (ABB) əvvəlki kimi ölkənin bank sistemində hakim mövqe tutur. 2011-ci ildə bank sisteminin aktivlərinin 30 faizə yaxını bu bankın payına düşüb. ABB və başqa banklar daxili bazarda daha etibarlı borcalan seçmək imkanına malikdirlər", - məlumatda qeyd olunur.
Hökumətin ABB-ni özəlləşdirmək hazırlığı son vaxtlar artıb. Lakin S&P güman edir ki, bunun üçün bankın kapitalının və resurs bazasının dövlət tərəfindən əhəmiyyətli dərəcədə dəstəklənməsi tələb olunur. Bu dəstək artıq qismən təqdim olunub.
"Bank sisteminin resurs bazasının çox yüksək risklərə davamlılığının qiymətləndirilməsi struktur çatışmazlıqlarını, o cümlədən depozitlərin hesabına maliyyələşdirilən kreditlərin payının (60 faizə yaxın) az olmasını, xarici valyutada əvvəlki kimi maliyyələşdirmənin böyük həcmini, bank aktivlərinin bir hissəsinin iri bazar mənbələrinin vəsaitləri hesabına maliyyələşdirilməsi zəruriliyini, daxili istiqraz bazarının inkişafını və qısamüddətli öhdəliklərin aşağı səviyyəsini aşkara çıxarır", - məlumatda deyilir.
Bununla yanaşı, S&P-nin qənaətincə, son illərdə bank sisteminin resurs bazası aktivlərin artımının maliyyələşdirilməsi üçün pərakəndə depozitlərdən daha fəal istifadə, xarici mənbələrdən maliyyələşdirilmənin həcminin azaldılması və Azərbaycan Mərkəzi Bankının əlverişli siyasəti nəticəsində xeyli yaxşılaşıb.
"Azərbaycan hökuməti əhəmiyyətli imkanlara malikdir və ölkənin bank sistemi üçün yüksək və orta əhəmiyyətə malik Azərbaycan banklarını dəstəkləməyə hazır olduğunu ifadə edir. Biz əvvəlki kimi, Azərbaycan hökumətini milli bank sistemini dəstəkləməyə hazır olan hökumətlərə aid edirik. Bu qiymətləndirmə hökumətin 2008-2011-ci illərdə bank sisteminə dəfələrlə dəstək göstərməsi faktını nəzərə alır", - məlumatda deyilir.
Milli.Az