Azərbaycan ərazisində mövcud olan qanunsuz erməni silahlılarının sayı AÇIQLANDI

18 Sentyabr 2023 18:02

10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.

Qeyd edilib ki, Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur

"Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb;

Son günlər, həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır", - deyə əlavə edilib.

Milli.Az