"İtkin düşmüş hərbçilərimizin xeyli hissəsi əsir düşərgələrində qətlə yetiriliblər"

18 Sentyabr 2023 11:00

Hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli mərhumiyyətlərə məruz qalıb.

Trend xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb:

"Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşüb. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər".