Humanitar yardım daşıyan BQXK-yə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir - FOTO

18 Sentyabr 2023 07:08

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını artıq işğaldan azad edilmiş Ağdam rayon ərazisinə daxil olublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, humanitar yardım daşıyan avtomobillər Ağdam-Xankəndi yolu vasitəsi ilə Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentin yerləşdiyi ərazidən keçid edərək Xankəndinə gedəcək.

Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.

Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə humanitar yardım daşıyacaq.

Milli.Az