Prezident İlham Əliyev Liviya liderinə başsağlığı verib

15 Sentyabr 2023 18:28

Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Milli.Az