Bu gündən başlayaraq Estoniya Rusiya Federasiyasının dövlət nömrə nişanlı avtomobillərinin ölkəyə girişinə qadağa qoyub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, müvafiq qərar Avropa Komissiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əlavə aydınlıq gətirilməsi barədə sentyabrın 8-də dərc etdiyi direktiv çərçivəsində qəbul olunub.
"Sənədə əsasən, Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin artıq Avropa İttifaqı ərazisinə buraxılmasına icazə verilmir", - deyə Estoniyanın daxili işlər naziri Lauri Lyanemets jurnalistlərə bildirib.
Məhdudiyyət bir gün əvvəl Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edən Latviya və Litva ilə razılaşdırılıb.
Rusiya qeydiyyat nişanlı avtomobillər Estoniyanı xarici sərhəddən, yaxud daxili Aİ sərhədlərini keçməklə tərk edə bilər. Amma həmin nəqliyyat vasitələri sərhəd-keçid məntəqəsinə daxil olarkən vergi və gömrük departamenti tərəfindən müvafiq prosedurlar həyata keçiriləcək. İstifadəçi, yaxud sahibi avtomobili ilə Rusiyaya qayıtmalı, ya da sərhədi avtomobilsiz keçməli olacaq.
Milli.Az