Sülh danışıqlarını dəstəkləyirik - Bolqarıstan prezidenti

13 Sentyabr 2023 12:06

Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Prezident qeyd edib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır.

Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, ölkələrimizin regionlarımızın sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir.

Bolqarıstan Prezidenti ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə və bu il Bolqarıstana, özünün isə 2023-cü ilin martında Azərbaycana səfərlərini xoş təəssüratlarla xatırlayıb.

Bolqarıstan Prezidenti, digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu istiqamətdə də təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib.

O, həmçinin, regionda sülh və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda Milli Məclisin nümayəndə heyəti Bolqarstanda səfərdədir.

Milli.Az