Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında deyilir.
"Biz Rusiya yüklərinin Ağdam-Əsgəran marşrutu ilə keçməsini qeydə alırıq. Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək", - bəyanatda bildirilib.
Ş.Mişel, həmçinin, Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib.
Bəyanatda vurğulanıb ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.
Qeyd edək ki, dünən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
Milli.Az