Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldı - FOTO

11 Sentyabr 2023 22:53

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabr ayının 9-da saat 21:44-də "Xudat" sərhəd dəstəsinin Xaçmaz rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nepal Federativ Demokratik Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Karkı Ghımıre Renuka, 1994-cü il təvəllüdlü Bahattaraı Menuka, 1997-ci il təvəllüdlü Pantha Bal Krıshna, 1986-cı il təvəllüdlü Raut Dıp saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Portuqaliya Respublikasına miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

Sentyabr ayının 10-da saat 13:45-də "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan İran vətəndaşı - 1977-ci il təvəllüdlü Parsabad şəhər sakini Həmidi Bəhmən Hacımahmud sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozması müəyyən olunub.

Sentyabr ayının 10-da saat 21:45-də "Lənkəran" sərhəd dəstəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları - 1993-cü il təvəllüdlü Seraj Helaluddin Serajeddin və 1997-ci il təvəllüdlü Haidari Ezatulla Abdulkasım sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozmaları müəyyən olunub.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az