İldırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisi verilişi dayandırılıb.
Bu barədə APA-ya Yevlax Şəhər İcra Hakimiyyətindən xəbər verilib.
Qeyd edilib ki, rayon ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Belə ki, 10.09.2023-cü il tarixdə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında "Yevlax Elektrik Şəbəkə"-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.
Milli.Az