"Sinələri yenicə dolmuş, gözəllikdə bir-birinə bənzər qızlar..." - Elşad Miri

9 Sentyabr 2023 08:35

"Azərbaycan dilindəki Quran tərcüməsində səhvlər var. Biabırçılıq da odur ki, həmin tərcüməni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çap edir, pulsuz paylayır, daha sonra buna uyğun insanları sorğu-sual edirlər. Qurani-Kərimin 78-ci  surəsinin 33-cü ayəsində cənnət haqda yazılıb. Tərcüməsi isə belədir: Həqiqətən mütləqilərin nicat yeri cənnətdə bağçalar və üzüm bağları, sinələri yenicə dolmuş, gözəllikdə və məlahətdə bir-birinə bənzər həmyaşıd qızlar, cənnət şərabı ilə dolu qədəhlər gözləyir..."

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış ilahiyyatçı Elşad Miri deyib.  Cənnət və cəhənnəm anlayışlarından bəhs edən ilahiyyatçı axirət haqda bir çox xurafatın yayıldığını bildirib:

"Sizin belə cənnət anlayışınızı istəmirəm! Mən heç  zaman kişi cinsinə mənsub şəxs olaraq burada yazılan "sinələri yenicə dolmuş" insanlara həvəs duymaram, çünki bu, insanı insanlıqdan çıxaran bir şeydir. Əgər sənin cənnət anlayışın budursa, bu, uşaqbazlıqdır! Sənin cənnət anlayışın budur ki, mən bu dünyada özümü saxlayım, sonra gedib cənnətdə istədiyim hərəkəti edim? Sənin cənnət təsəvvürün budurmu? Ora ...xanadırmı?!  Sən nə demək istəyirsən?

Sonra da başqa hədislər uydurublar, deyirlər ki, guya bir hurinin ağız suyu yerə düşmüş olsaydı, bütün dənizlər, çaylar şipşirin olardı. Bəs yaxşı orada qadınlara veriləcək kişilər nə olacaq? Onların ağız suyu harasa düşsə, nə baş verəcək?  Bu nə məntiqdir, bu nə yanaşmadır?!

Ya da deyirlər ki, elə gözəllikdə hurilər veriləcək ki, baxdıqda onun sümüyünün içərisində nə isə görünəcək. Təsəvvür edin, belə bir məxluqu gördüyü zaman hansı insanda həvəs yarana bilər? Təbii ki, bu, absurd yanaşmadır. O qədər nağıllar, rəvayətlər uydurublar ki...

Təsəvvür edin, adam deyir ki, mən bu dünyada özümü qoruyuram, heç bir şey eləmirəm, amma ora gedəndə hamısının əvəzini çıxacağam, gör nə qədər hurilərim olacaq.  Dediyiniz belə bir cənnət anlayışıdırmı?"

O, cənnətin bəzi hədislərdə əxlaqsızxana kimi təqdim edildiyini deyib:

"Cənnət, əslində, himayə olunmaqdır, hüzurun olduğu bir məkandır. Amma bu gün sən cənnət anlayışını gətirib əxlaqsızxana kimi təqdim edirsənsə, deməli, cənnət anlayışında problem var. Sənin "Bu dünyada spirtli içki içmirəm, gedib orada ley-pey olacağam" deməyin bu dünyada edə biləcəyin murdar şeylərə o dünyada haqq qazandırmaqdır. Bizim axirət təsəvvürümüz budurmu?

Din anlayışını elə şəkildə təqdim edirlər ki, insan bu dindən qaçmaq istəyir. Bu, Allahın dini deyil, bu Allahın adından uydurulmuş bir dindir. Bu, Allahın  adından formalaşdırılan din anlayışıdır. Adını da Allahın adına uyğunlaşdıraraq İslam qoyublar. Bu, İslam deyil! Bu Allahın bizdən istədiyi din deyil".

Milli.Az