Müxalifət partiyası seçkidə 100 dairəni hədəfə alıb
18 May 2010 11:48
Böyük Quruluş Partiyası (BQP) parlament seçkisində 100 dairə üzrə namizəd sürməyi hədəfə alıb. Bu barədə Milli.Az xəbər portalına BQP sədri, millət vəkili Fazil Mustafa bildirdi.
Onun sözlərinə görə, hazırda namizədlərin müəyyənləşdirilməsi prosesi gedir və yaxın vaxtlarda yekunlaşacaq: "Yəqin ki, təxminən 20 gün müddətinə namizədlərimizi qəti şəkildə müəyyənləşdirəcəyik. Ola bilsin ki, onların arasında bitərəflər də olsun. Xeyli müraciətlər var. Onları müzakirə edib, dəyərləndirəcəyik".
F.Mustafa bir ara gündəmə gələn BQP-BXCP-Ədalət partiyalarının əməkdaşlıq variantı ilə bağlı isə hələlik heç bir irəliləyiş olmadığını bildirdi. "Bu istiqamətdə yenilik yoxdur, ona görə də daha çox seçkidə təkbaşına iştiraka hazırlaşırıq. Hazırda ATƏT-in ofisində seçki ilə bağlı tədbirdə iştirak edirik. Çalışırıq seçki prosesi ilə bağlı işlərimizi beynəlxalq təşkilatlarla koordinasiya şəklində quraq"- deyə o, əlavə etdi.
BQP sədri seçki prosesi hələ başlamadığı üçün kütləvi aksiyaların nəzərdə tutulmadığını bildirsə də, digər müxalifət partiyalarının birgə aksiyalarla bağlı təklifi olacağı təqdirdə, bunu müsbət qarşılayacaqlarını qeyd etdi. "Müxalifət partiyalarından birgə aksiyalarla bağlı müraciətlər olsa və bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşərsə, BQP olaraq qoşula bilərik".
Aydın A.
Milli.Az