İtaliya A Seriyasının 3-cü turu çərçivəsində "Roma" "Milan"ı qəbul edib.
Milli.az xəbər verir ki, baş hakim Antonio Rapuanonun idarə etdiyi qarşılaşma "Olimpiko" stadionunda baş tutub.
Oyun qonaq komandanın hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi 9-cu dəqiqədə Olivye Jiru penalti zərbəsi ilə hesabı açıb - 0:1. Oyunun 48-ci dəqiqəsində qonaqlar Rafael Leaunun sayəsində hesabdakı fərqi artırıblar - 0:2. Lakin ikinci qoldan 13 dəqiqə sonra "rossoneri" azlıqda qalıb: Fikayo Tomori oyundan qovulub. Matçın əlavə edilmiş 3-cü dəqiqəsində paytaxt təmsilçisi qollardan birinin əvəzini çıxıb, ancaq bu xal qazanmaq üçün yetərli olmayıb.
Beləliklə, görüş "Milan"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 3 oyundan sonra "Milan" 9 xalla turnir cədvəlinə başçılıq edir. Tarixinin ən pis startlarından birini yaşayan "Roma"nın isə cəmi 1 xalı var. "Sarı-qırmızılar" 18-ci pillədə qərarlaşıblar.
Milli.Az