Azərbaycanlı deputatlar AŞ PA Monitorinq Komitəsinin iclasına gediblər

18 May 2010 09:42
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün mayın 18-dən 20-dək Parisdə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, iclasda "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" mövzusunda məruzə layihəsi müzakirə ediləcək, Avropada demokratiyanın vəziyyəti, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Türkiyə ilə post monitorinq dialoqu, Gürcüstanda vəziyyət, Albaniya, Ermənistan, Moldova, Bosniya və Herseqovinanın öhdəliklərinin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

/AzərTAc/