Saatlı və Sabirabada bənd bərkitmə işləri aparmaq üçün əlavə qüvvələr cəlb olunub

18 May 2010 09:04
Azərbaycanın təbii fəlakət baş vermiş Saatlı rayonunda Kür çayının və Sarısu gölünün ətrafında bənd bərkitmə işləri davam etdirilir.

APA-nın verdiyi məlumata görə, Sarısu gölü ətrafındakı bənddə bərkitmə işlərini aparmaq üçün Fövqəladə Hallar və Müdafiə nazirliklərinin çoxsaylı canlı qüvvəsi və texnikası cəlb olunub.
Bənd bərkitmə işlərinə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev rəhbərlik edir.

Axşam saatlarında fəlakət zonasına əlavə texnika cəlb olunub. Onlarla yük maşını əraziyə beton, daş, torpaq daşıyır.

Sarısu gölünün yaxınlığında yerləşən kəndlərin əhalinin bir hissəsi öz evlərini tərk ediblər. Lakin hələ də kənddə əhali var.

Gölün ətrafında müəyyən əraziləri su basıb.

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirib ki, lazım olacağı təqdirdə əhalinin evakuasiya olunması üçün FHN-nin qüvvələri hazır vəziyyətə gətirilib.

Nazir müavininin sözlərinə görə, bənd bərkitmə işləri sürətlə davam etdirilir.

Hazırda göl ətrafından Saatlı rayon mərkəzinə əsas yolda nəqliyyatın hərəkəti çətinləşib.

Artıq sızma baş vermiş bəndlərdən birində bərkitmə işləri başa çatdırılır. Digər bənddə də bərkitmə işlərinə başlanılıb.

Çayın kənarında yerləşən Çağırğan, Xankeçən, Poladtoğayı kəndlərinə də təhlükə var. Bu kəndlərdə əhali əsasən evlərini tərk etməyib.

/APA/