Kürdəmirdə Kürün səviyyəsi son bir sutkada 10-12 santimetr qalxıb
17 May 2010 23:11
Kürdəmirin Şüşün kənd sakini Baha Mikayılov APA-ya bildirib ki, Kür çayının Kürdəmir rayonu ərazisindən keçən hissəsində vəziyyət yenidən gərginləşib. "On gün öncə Sabirabad rayonunda Kürün mühafizə bəndinin dağılması nəticəsində çayda suyun səviyyəsi aşağı düşdüyü üçün son günlər Kürdəmirin Kürqırağı kəndlərində də vəziyyət getdikcə yaxşılaşırdı. Havanın isti keçməsi nəticəsində Kürdəmirin Mollakənd, Qaramahmudlu, Türkədi, Köhülü, Xəlsə və Şüşün kəndlərindəki sel və qrunt suları getdikcə quruyurdu. Dünən günortadan sonra Kürdə suyun səviyyəsi yenidən qalxmağa başlayıb. Bir sutka ərzində çayda suyun səviyyəsi yenidən 10-12 santimetr qalxıb. Hazırda suyun səviyyəsinin getdikcə qalxması mayın 3-dən 6-dək olan kritik vəziyyəti yaxınlaşdırır. Əhali hər an suyun mühafizə bəndini aşacağından və kəndləri su basacağından qorxur".
Mollakənd sakini Gülxar Rəsulova bildirib ki, hamı suyun qəflətən kəndi basacağından ehtiyyat edir: "Gənclər bəndin yanında səhərədək ocaq yandırıb keşik çəkirlər. Bir aydır ki, bizim evlər tamamilə suyun içindədir. Həyətə düşə bilmirik. Toyuq-cücəmiz tələf olub".
/APA/