Yer kürəsinin ən nəhəng canlısı - FOTO

18 Avqust 2023 04:36

Alimlər Yer kürəsinin ən böyük canlısını müəyyən ediblər. Bu 39 milyon il əvvəl yaşamış və "Perucetus colossus" ("Nəhəng Peru balinası") adını almış balinadır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəhəng canlının fosilləri Perunun cənubundakı İka səhrasında aşkar edilib. Bura vaxtilə dayaz bir körfəzin dibi olub. Bildirilir ki, arxeoloqlar tapıntının çıxarılması üçün çox əziyyət çəkməli olublar.

Ümumilikdə 18 sümük tapılıb. Bunlardan 13-ü fəqərə, dördü qabırğa və biri bud sümüyünün hissəsidir. Bunun sayəsində alimlər nəhəngin ölçüsünü və çəkisini müəyyən ediblər. Kəlləni tapmaq mümkün olmayıb, lakin onun kiçik olduğuna inanılır.

"Perulu"nun uzunluğu 20 metrə çatıb. O, Ölçüsünə görə mavi balinadan geri qalsa da, lakin çəkisinə görə ondan üstündür. Onun çəkisinin də 340 ton olduğu ehtimal edilir (mavi balina 180 ton).
Mütəxəssislər nəhəngin yavaş üzdüyü fikrini irəli sürürlər. Kütləvi sümüklər balinaya dərinlikdə qalmağa və dalğalara müqavimət göstərməyə kömək edib. Onun lil və qumdan əmdiyi, yaxud süzdüyü dib balıqları, xərçəngkimilər və mollyuskalarla qidalandığı güman edilir.

Bu kəşf balinakimilərin təkamülü barədə bütün təsəvvürləri dəyişir. Əvvəllər onların indiki nəhəng ölçüsünə yalnız son bir neçə milyon ildə çatdıqlarına inanılırdı.

Milli.Az ​