Konfrans Liqası: “Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub - YENİLƏNİB

10 Avqust 2023 23:11

"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu "Beşiktaş"ı qəbul edib.

Bakılılar "Neftçi Arena" adı altında doğma stadionunda keçirdiyi ilk görüşə uğurlu start verə bilməyib. Artıq 14-cü dəqiqədə istanbullular hesabı açıblar. Vensan Abubakar qapıçı ilə təkbətək şansı qaçırmayıb. Cəmi 9 dəqiqə sonra ev sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Cekson Muleka yaxın məsafədən dəqiq zərbə ilə adını tabloya yazdırıb.

"Beşiktaş" fasilədən sonra da üstünlüyünü davam etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qoluna imza atıb. 79-cu dəqiqədə isə "Neftçi" qollardan birinin əvəzini çıxıb. Kilan Lebon hesab arasındakı fərqi azaldıb. Bu, həm də qarşılaşmada vurulan son qol olub və "Neftçi" Bakıda "Beşiktaş"a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.

Milli.Az