Bahar Muradova: “Türkiyə-Azərbaycan münasibətlərinə heç kim ziyan vura bilməz”
17 May 2010 17:49
Bu barədə Alma-Atada ATƏT-in iclasında iştirak edən Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova Türkiyənin "Cihan" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyə ilə Azərbaycan arasında baş vermiş xırda anlaşılmazlıqlara baxmayaraq, ölkələr arasında münasibətlər yüksək səviyyədədir.
Bahar Muradova deyib ki, regionda əsas problem təkcə Azərbaycana deyil, həm də Türkiyəyə ərazi iddiaları irəli sürən Ermənistanın özündədir: "Ermənistan Türkiyəni çətin vəziyyətdə qoymaq üçün istənilən yolla "erməni soyqırımı" məsələsini qaldırır".
Milli Məclisin sədr müavininin fikrincə, Ermənistanla problemi həll etmək üçün Türkiyə Azərbaycan ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir.
O, həmçinin bildirib ki, güclü dövlət kimi Türkiyəyə inanır və Türkiyə ilə Azərbaycan arasında qardaş münasibətlərinin qorunub saxlanmasını istəyir.