Livanda bankların fəaliyyəti dayandırılıb

21 İyul 2023 07:08

Livan Bankları Assosiasiyası (ALB) narazı əmanətçilərin yeni hücum dalğası səbəbindən müştərilərinə xidmətlərin müvəqqəti dayandırıldığını elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Livan Bankları Assosiasiyasının yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, işçilərin təhlükəsizliyi və maddi ziyanın qarşısını almaq məqsədilə iyulun 21-i cümə günündən bank qurumlarının qapıları qeyri-müəyyən müddətə bağlanacaq.

İyulun 18-də naməlum şəxs "Kredit Libanais" bankının Şxim şəhərindəki filialına qumbaraatanla daxil olaraq 3 il əvvəl maliyyə böhranı səbəbindən dondurulmuş hesabdan 35 min dolların ona qaytarılmasını tələb edib.

Müalicə üçün ödəməli olduğu məbləğin bir hissəsini alan cinayətkar mühafizəçilərə təslim olub. Oxşar hadisələr iyulun 19 və 20-də Antelyas, Beyrut və Bint-Cbeyldə baş verib. Çərşənbə günü assosiasiya səlahiyyətli şəxslərdən bank ofislərinin hücumlardan qorunmasını tələb edib, lakin hökumət müvafiq tədbirlər görməyib.

Milli.Az