Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin xanımları Dənizkənarı Milli Parkda gəziblər - YENİLƏNİB - FOTO

17 May 2010 22:31
22:31

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Dənizkənarı Milli Parkda olublar.
Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Park ilə tanış olub.
1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yenidənqurma işləri aparılıb. Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi xeyli genişləndirilib. Milli Parkda yeni ağaclar əkilib, çəmənliklər salınıb. Burada asfalt örtük götürülərək yerinə qırma-dekorativ daş döşənmiş, parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər quraşdırılıb. Bu gün Dənizkənarı Milli Park Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biridir.

***

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Bakının ən gözəl istirahət guşələrindən birində - Filarmoniya bağında olublar.
Bağ ilə tanışlıq zamanı bildirildi ki, 1830-cu ildə İçərişəhər divarlarının əhatəsində salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan bu bağın maraqlı tarixi vardır.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən burada abadlıq və yenidənqurma işləri aparılıb. Yenidənqurma prosesi bağın orijinal üslubu saxlanılmaqla həyata keçirilib.
Hazırda Filarmoniya bağı Bakının digər istirahət guşələri kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilib. Burada aparılan yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilib. XIX əsr paytaxt memarlığına xas Qərb ənənələrinin Şərq üslubu ilə uzlaşdırılması bu bağın dizaynını daha da cəlbedici edib.

-----------------------
22:21

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan bazar ertəsi "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olublar.

Xanımlar nadir Azərbaycan xalçalarından, "Azərilmə"nin məmulatından ibarət sərgiyə baxıblar.

Qonağa məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Ölkəmizdə toxunan xalı-xalça yüksək keyfiyyəti və zəngin çeşidləri ilə fərqlənir. Azərbaycan xalçaları dünyanın bir çox muzeyinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı və milli koloriti ilə seçilən xalçaların istehsal prosesi də çox maraqlıdır. Burada bütün xalçalar ənənəyə uyğun toxunur. İplər ancaq təbii boyalarla boyanır, eskizlər yalnız milli naxışlardan götürülür.

Mehriban Əliyeva və Əminə Ərdoğan qalereyada nümayiş etdirilən zəngin eksponatlara baxıb, boyama və toxuma proseslərini maraqla izləyiblər. Bildirilib ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir.

Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər var.

Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan müəssisədə toxunan xalçaların nümayiş etdirildiyi "Sehirli naxışlar" qalereyasında da olub, burada orijinal kompozisiyalı və əlvan tərtibatlı xalçalara baxıblar.

Qonaqlar çay süfrəsinə də qonaq olublar. Gördüklərindən məmnun qalan Əminə Ərdoğan müəssisənin kollektivinə uğurlar arzulayıb.


***
 
Mayın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Talassemiya Mərkəzində olub, müalicə ocağının fəaliyyəti və xəstələrin vəziyyəti ilə maraqlanıblar.

Mərkəzin direktoru Azər Kərimov məlumat verib ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan bu səhiyyə ocağı gün ərzində 30-40 xəstə qəbul edir.

Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60 faizi mərkəzdə daimi müalicə olunur.

Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılıb. Burada donorlardan götürülən qan dərhal müayinə olunur.

Xanım Əminə Ərdoğan mərkəzin ikinci mərtəbəsində yerləşən transfuziya zalına, 12 otaqdan ibarət klinikaya, manipulyasiya otaqlarına və laboratoriyaya baxıb. Qeyd olunub ki, transfuziya zalında xəstələrə qanköçürmə əməliyyatı aparılır. Mehriban Əliyeva və Əminə Ərdoğan burada müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların valideynləri ilə söhbət ediblər.

Bundan əvvəl övladlarını xaricdə çox çətinliklə müalicə etdirmək məcburiyyətində olduqlarını və bu mərkəz fəaliyyətə başladıqdan sonra problemin aradan qaldırıldığını deyən valideynlər göstərilən diqqət və qayğıya, ümumiyyətlə ölkədə səhiyyə sahəsində aparılan çox mühüm islahatlara görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonra Əminə Ərdoğan mərkəzin üçüncü mərtəbəsində yerləşən reanimasiya palatası, molekulyar diaqnostika laboratoriyası, sterilləşdirmə mərkəzi ilə tanış olub. Bildirilib ki, burada regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılıb və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir. Türkiyə Baş nazirinin xanımı mərkəzin beşinci mərtəbədə yerləşən konfrans zalına və yeməkxanaya da baxıb.

Əminə Ərdoğan ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldığını bildirib.

/AzərTAc/

---------------------------

16:03

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğanın görüşü olub. Məlumatı "AzərTAc" dövlət agentliyi yayıb. Xatırladaq ki, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlib. Səfərdə onun xanımı Əminə Ərdoğan da iştirak edir.

Milli.Az
-----------








Foto AzərTAc