İyunun 29-da Azərbaycanın daxili işlər naziri, general-leytenant Arif Heydərovun vəfatından 45 il ötür.
Bu gün Azərbaycanın əfsanəvi dövlət xadimini xatırlayaraq, onun həyatı haqqında ailə üzvlərinin və həmkarlarının xatirələrindən az bilinən 12 faktı təqdim etmək istəyirik.
Bir çoxları Arif Heydərovu 70-ci illərdə ölkəmizin hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfə verən Azərbaycanın daxili işlər naziri kimi tanıyır. Lakin Arif Heydərov ömrünün çox hissəsini, yəni 27 ilini SSRİ və Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat bölmələrində xidmətə həsr edib;
1943-1944-cü illərdə Moskvadakı kəşfiyyat məktəbində təlim zamanı alman və fars dillərini öyrənib. Onun ya faşist Almaniyası ilə döyüş bölgələrinə, yaxud da 1941-ci ilin sentyabrından sovet qoşunlarının yerləşdiyi İrana xidmət üçün göndəriləcəyi güman edilirdi. Arif Heydərov İkinci Dünya müharibəsi cəbhəsində könüllü olaraq yollanmış və 1944-cü ilin dekabrında 18 yaşında 1-ci Ukrayna cəbhəsinin kəşfiyyat bölmələrinin tərkibində Almaniyaya göndərilmişdir. Taleyin hökmü ilə, İrana 1944-cü ilin sentyabrında onun atası Nazar Heydərov Mazandaran və Gilan vilayətlərində geoloji kəşfiyyat işlərinə rəhbərlik etmək vəzifəsi ilə göndərildi. Bəzi məlumatlara görə, o, mərkəzi Təbrizdə olan Azərbaycan Demokratik Respublikasının yaradılmasında da iştirak edib;
1967-ci ildə ə.Heydərov SSRİ səfirliyinin konsulu adı altında Sovet kəşfiyyatı rezidentinin müavini vəzifəsinə Türkiyəyə ezam olunub. Onun əməliyyat vəzifələrinə ABŞ və Qərbi Avropa diplomatlarının və kəşfiyyat xidmətlərinin işçilərinin SSRİ tərəfə cəlb edilməsi olub;
28 aprel 1968-ci ildə Arif Heydərov SSRİ-nin Ankaradakı səfirliyinin damında Azərbaycan SSR bayrağını sancmış və bununla da Azərbaycan gününü qeyd etmişdir. Bu, yəqin ki, SSRİ-nin diplomatik praktikasında bu dövlətin səfirliyi üzərində eyni vaxtda iki bayraq qaldırılan ilk və sonuncu hal idi;
A. Heydərov vaxtilə Türkiyədə təcrübə keçən və gələcəkdə Rusiya Liberal Demokrat Partiyasının lideri olacaq V. Jirinovskini tələbə kimi kommunist təbliğatına görə həbs olunduğu zaman şəxsən azad edib. Jirinovski azərbaycanlı jurnalistlərə müsahibəsində bu faktı təsdiqləməklə kifayətlənməyərək, həm də xilaskarının sonrakı həyatı və taleyi barəsində məlumatlılıq nümayiş etdirmişdir. Yəqin ki, A. Heydərov Jirinovskinin gələcəkdə azərbaycanlılar haqqında necə danışacağını bilsəydi, radikal siyasətçinin Türk həbsxanasında ömürlük qalmasını təmin edərdi;
A. Heydərov gözəl idmançı idi. Xüsusi təyinatlılarla yanaşı, akademik avarçəkmə ilə də fəal məşğul olub və 50-ci illərdə iki dəfə, iki nəfərlik qayıqla avarçəkmə üzrə Azərbaycan çempionu olub;
Ə.Heydərov 1970-ci ildə Azərbaycanın daxili işlər naziri təyin olunması ilə əlaqədar ümummilli lider Heydər Əliyev tərəfindən Türkiyədən geri çağırılıb. Kəşfiyyatda xidmətini davam etdirməyi planlaşdırsa da, müştərək iş və uzun illər dostluğu ilə bağlı olduğu Azərbaycan rəhbərindən imtina etməyi mümkün hesab etmədi;
Arif Heydərov SSRİ-nin iki qüdrət mərkəzi - Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin, ordu generalları V.Şelokov və Y.Andropovun kəskin qarşıdurması dövründə nazir vəzifəsinə təyin edildi. Hər iki komanda rəqib təşkilatın işçilərini öz sıralarında pis qarşılayırdı. Ə.Heydərovun fenomeni ondan ibarət idi ki, əməliyyat təcrübəsi, yüksək peşəkarlığı, erudisiyası və ünsiyyətcilliyi sayəsində hər iki idarədə böyük nüfuza malik idi;
Arif Heydərovun yazdığı ssenari əsasında Azərbaycanfilm kinostudiyası tərəfindən gənc qızın qətli ilə bağlı "Əlavə iz" detektiv filmi çəkilib. Filmin premyerası müəllifin ölümündən sonra baş tutdu;
Qatil Arif Heydərovun həyatından məhrum etməyi planlaşdırmırdı. Qəbul otağında buraxdığı kağız parçasında Azərbaycan DİN-in bir neçə yüksək vəzifəli əməkdaşının adları qeyd edilib. Kağızın parçasının sonunda "hamınızı ölüm gözləyir" qeyd edilmişdir. Orada Arif Heydərovun adı yox idi. Özü milis əməkdaşı olan və nazirin kabinetinə daxil olan qatil, "mən sənin üçün gəlməmişəm" deyə qışqırdı və nazir müavini, general-mayor S. Kazımova atəş açdı. Hadisə yerinə gələn müstəntiqlər nazirin tabel tapançasının yerləşdiyi iş masasının çəkməcəsinin yarı açılmış vəziyyətdə olduğunu qeyd ediblər. Uzun illər təcrübəsi olan cəbhəçi və əməliyyatçı başqa cür edə bilməzdi - Arif Heydərov iş yoldaşını xilas etməyə çalışıb, ancaq bir anlıq gecikib. Mahir atıcı olan qatil, nazirə ölümcül bir atəş edib və sonra özünü öldürüb. Hadisə barədə dərhal ümummilli lider Heydər Əliyevə məruzə edilib. O, dərhal ağır yaralanan Arif Heydərovun çatdırıldığı xəstəxanaya gəlib. Bir neçə saat sonra Heydər Əliyevin tapşırığı ilə Sovet İttifaqının ən yaxşı neyrocərrahlar briqadası Moskvadan Bakıya gəldi. Tam bir gün ərzində tibb korifeyləri nazirin həyatı üçün mübarizə aparıblar. Amma, boş yerə. Arif Heydərov özünə gəlmədən dünyasını dəyişib. 52 yaşı tamam olandan bir gün sonra.
Arif Heydərovun rəsmi tərcümeyi-halında onun doğulduğu yer kimi Ağdaş rayonu göstərilib. Əslində o, Heydərovlar ailəsinin çıxdığı Qubadlı rayonunda anadan olsa da, doğulduqdan bir ay sonra atasının təyinatı ilə bağlı qeydiyyata alındığı Ağdaş rayonuna köçüb.
28 iyun 1996-cı ildə, Arif Heydərovun 70 illik yubileyi ilə bağlı keçirilən tədbirdə, Azərbaycanın ümummilli lideri Heydər əliyev ona "Azərbaycan xalqının generalı" adını vermişdir. Heydərovlar ailəsi bu adı ölkəmizin hərbi iyerarxiyasında ən yüksək hesab edir.
Raya Abbasova
Milli.Az