Paytaxtda qədim yaşayış binası uçdu - FOTO

17 May 2010 13:44
Hadisə mayın 16-sı saat 18:00 radələrində baş verib. 1893-cü ildə inşa edilən binanın birinci mərtəbəsinin tavanı tamamilə çöküb. Xoşbəxtlikdən 24 ailənin yaşadığı binada zərərçəkən olmayıb.

Hadisə yerində gələn Səbail rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Elman Yahyayev bildirdi ki, Dövlət Neft Şirkətinin Mənzil Kommunal Xidmətlər İdarəsinin NQ-14/3225 saylı, 09.01.2007-ci il tarixli sərəncamında binanın qəzalı vəziyyətdə olduğu qeyd olunub.

"Sərəncama əsasən ikimərtəbəli binada yaşayan 24 ailə qəza aradan qaldırılana qədər müvəqqəti mənzillərlə təmin edilməlidir. Burada sakinlərin müvəqqəti məskunlaşması üçün ödəniləcək kirayə haqqını da Dövlət Neft Şirkətinin Sosial Xidmətlər İdarəsi öz üzərinə götürüb. Lakin binada yaşayanlar bununla razılaşmayıb və evlərindən çıxmaq istəməyiblər. Səbəb də ev avadanlıqlarının daşınması göstərilib. Lakin qəzadan sonra binaya qaz və elektrik verilişi dayandırılıb".

Elman Yahyayev indi binanın boşaldılmasını vacib sayır: "Sakinlər istədikləri yerdə kirayə mənzil tapmalıdırlar, kirayə pulu isə İdarə tərəfindən kirayə verən sahibkara ödəniləcək". İcra Hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, bu proses bu gündən başlanacaq.

Lakin bina sakinləri Elman Yahyayevlə razılaşmadılar və onların ev təminatlarının tam təmin olunmadığını bildirdilər. Sakinlərin sözlərinə görə, onlara kirayə üçün 100-150 manat təklif olunub ki, bu da həmin ərazidə kirayə ev tutmağa yetərli deyil.

Məsələ ilə bağlı hadisə yerinə gələn Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin texniki şöbəsinin rəisi Azad Qurbanov bildirdi ki, bu ilin yanvar ayında məhkəmə qəzalı binanın təmir üçün boşaldılmasına qərar versə də, indiyədək buna əməl olunmur. Səbəb isə sakinlərin binanı tam boşaltmamasıdır.

"Bina uçduğuna görə sakinlər tapdıqları kirayə evlərə köçürüləcəklər. Kirayə haqlarına gəlincə, bu, bazar qiymətlərinə uyğun müəyyənləşdiriləcək. Heç kim küçədə qalmayacaq", deyə Azad Qurbanov bildirdi.

Bina əsaslı şəkildə təmir olunduqdan və istismara tam yararlı olduğu təsdiqlənəndən sonra sakinlər öz evlərinə qayıdacaqlar.

ANS PRESS

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------