Azərbaycan III Avropa Oyunlarında növbəti medalını qazanıb

23 İyun 2023 23:11

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarını ikinci pillədə başa vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Huqo Arillo Vaskes (İspaniya) ilə qarşılaşıb. Rəqibinə məğlub olan (3:0, 3:11, 9:7) taekvondoçumuz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, S.Dadaşov səkkizdəbir finalda Xalid Abdel Halim (Almaniya) ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz dörddəbir finala adlayıb. İdmançımız növbəti qarşılaşmasında Lübomir Boqdanovla (Bolqarıstan) döyüşüb. 10:5, 10:5 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. O, bu mərhələdə isveçli Ebrahim Marvanla üz-üzə gəlib. 8:2, 7:3 hesabı ilə üstün olan idmançımız finala vəsiqə qazanıb.

Milli.Az