Sərdar Cəlaloğlu: "Azərbaycan müxalifəti kütləvi aksiyalarla uğur qazana bilməz"

17 May 2010 13:05
Bu fikirlər Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluya məxsusdur. Partiya sədrinin sözlərinə görə, kütləvi aksiyalar məsələsi müxalifət üçün ikinci, üçüncü dərəcəli olmalıdır.

"Biz daha çox müxalifət qüvvələrinin birliyinə nail olmalıyıq. Təəssüf ki, indi bu istiqamətdə heç bir irəliləyişə nail ola bilmirik", - partiya sədri əlavə edib.

Onun fikrincə, müxalifətin birliyi məhdud məqsədlərə də yönəlməməlidir.

"İndiki situasiyada müxalifətin həmrəyliyinə daha çox ehtiyac var. Əgər bu həmrəyliyə nail ola bilsək, cəmiyyətin də müxalifətə olan inamını qaytara bilərik. Məncə, seçkilərdə uğur əldə etməyimiz üçün bizim həmrəyliyimiz hər şeydən vacibdir", - ADP sədri vurğulayıb.

Müxalifətin birliyi ilə bağlı yeni cəhdlərə gəldikdə, Cəlaloğlu bir daha belə təşəbbüslə çııxş etməyəcəyini deyib.

"Əlbəttə, siyasi mübarizənin əsas şərtlərindən biri əldə olunan nəticə ilə bağlıdır. Amma bir daha şahidi oldum ki, bizim müxalifət demokratik dəyərləri hələ də tam mənimsəməyib. Belə olan halda, yenidən birliklə bağlı təşəbbüslərin heç bir mənası yoxdur", - o xatırladıb.

ADP sədri Parlament seçkilərində iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi prosesinin davam edəcəyini bildirib.
"İndiyədək 31 nəfərin deputatlığa namizəd olacağı dəqiqləşdirilib. Biz, ümumilikdə, 70-dən çox dairədə namizəd irəli sürmək niyyətindəyik", - Cəlaloğlu qeyd edib.


Trend