Dini saytlar təhlükəlidir?
5 May 2012 23:08
Bu barədə "Symantec" şirkətinin yeni hesabatında qeyd edilib.
Milli.Az "ictnews.az"a istinadən bildirir ki, təhlükə dərəcəsinə görə "böyüklər" üçün veb-saytlar, hətta ilk beşliyə belə daxil deyil. Ekspertlər bildiriblər ki, 2011-ci ildə dini və ya ideoloji saytlardan "drive-by" (ziyanverici kod olan saytlara daxil olduqda fərdi kompüterin virusa yoluxması) tipli hücumlarının sayı 3 dəfə artıb.
Analitiklər belə tendensiyanı onunla izah edirlər ki, pornosayt sahibləri onsuz da gəlir əldə edirlər, buna görə onlar sayta daxil olanların kompüterlərini virusa yoluxduraraq pul qazanmaq istəmirlər. "Symantec" şirkəti 2011-ci ildə 403 milyon ziyanverici proqram təminatı növü aşkar edib.
Ən təhlükəli saytların siyahısında birinci yerdə bloqlar yerləşib. "Symantec" şirkətinin məlumatına görə, onların 19,8 faizi virusa yoluxub. İkinci yerdə şəxsi səhifələr (15,6 faiz), üçüncü yerdə biznes və iqtisadiyyat (10 faiz) haqqında saytlar yerləşib. İlk beşliyə internet mağazaları (7,7 faiz), həmçinin onlayn-məlumat kitabçaları və təhsil haqqında saytlar (6.9 faiz) yerləşib. Pornosaytlar 2,4 faiz göstərici ilə 10-cu yerdə qərarlaşıb.
Milli.Az