“Bu gün meydan bayağı ifa edən müğənnilərindir" - Xalq artisti

10 İyun 2023 23:33

"Bu gün meydan nisbətən bayağı ifa edən müğənnilərindir. Amma xalqın gözü tərəzidir. Müəyyən bir vaxtdan sonra onlar ələnir, kimlər qalır, kimlərsə gedir. Pis olmasa yaxşının qədri bilinməz. Xalqımız pislə yaxşını ayırmağı bacarır. Biz sənətə gələndə çalışırdıq ki, sənət öyrənək. Amma indi sənətə gələnlər tanınmaq istəyirlər. İstəyirlər ki, 2-3 mahnı yazdırıb, toylara getsinlər. Bəzi toylarımızda bayağılıq var, müğənni və həmin müğənnilərin mahnı seçimləri bərbaddır. Amma elə ailələr də var ki, toya dəvət etdikləri müğənni ilə sözün əsl mənasında maraqlanırlar. Mənim öz tamaşaçılarım, bayağı musiqiyə qulaq asanların tamaşaçıları başqadır".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib.

"Efirlərimiz gərək bayağı musiqilərə şərait yaratmasın. Televiziyalar bu bayağı musiqilərin qarşısını alarsa, inanıram ki, bizim efirlərimizdə daha sanballı, musiqilər səslənər. Onlar heç vaxt tarixdə qalmayacaqlar. Bayağı musiqinin ömrü 1-2 ildir. Müəyyən bir vaxtda oxuyub, gedirlər. Şan-şöhrət çox insanların başını gicəlləndirir. Ayılanda da çox gec olur" deyə sənətkar bildirib.

Xalq artisti efirlərdən narazılıq da edib.

"Aparıcılar bəzən elə yersiz suallar ünvanlayırlar ki. Elə suallar var ki, o Simarə İmanovaya aid deyil. Aparıcılar və jurnalistlər buna diqqət etməlidirlər. Bu baxımdan hər verilişə getmirəm, hər mətbuat orqanına müsahibə vermirəm. O aparıcılar məni heç kimlə səhv sala bilməzlər. Ola bilsin ki, digər sənətçilər üçün bu suallar önəmli deyil, amma mənim üçün çox önəmlidir" deyə xalq artisti bildirib.

Xalq artisti ümummilli lider Heydər Əliyevlə bağlı xatirəsini də bölüşüb.

"Ulu öndər Heydər Əliyevlə ilk dəfə 1996-cı ildə Mahnı teatrında 8 mart qadınlar günü münasibəti ilə təşkil olunan konsert proqramında görüşmüşəm. Onun qadınlara, analara olan sevgisini, qayğısını bilirdim. "Əsrin peyğəmbəri" adlı mahnımı orada ifa etdim. Konsertdən sonra səhnə arxasına gəlib, məni o ki, var təriflədi. Dedi ki, "sənin çıxışın məni kövrəltdi". Əvvəlki Mədəniyyət nazirimiz Polad Bülbüloğlu da orada idi. Polad müəllimə dedi ki, "mən sabah Tiflisə gedirəm, Simarə qızımız da mənim təyyarəmdə olsun". O qədər sadə insan idi ki. Gəlib təyyarədə mənimlə maraqlanırdı, ailəm haqda soruşurdu. Çox xoşbəxtəm və qürur duyuram ki, Heydər Əliyevin dəstəyi, qayğısı ilə sənətə gəlmişəm" deyə sənətkar bildirib.

Milli.Az