Sanitariya-gigiyena normalarının pozulduğu quş kəsimi müəssisəsi aşkarlandı - FOTO

10 İyun 2023 07:50

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən Əkbərov İdrak Əliməmməd oğluna məxsus fərdi yaşayış sahəsində yerləşən quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozulduğu, istehsal edilən məhsulların etiketlənmə aparılmadan və baytarlıq-sanitariya nəzarətindən keçirilmədən satışının həyata keçirildiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub.

Milli.Az