Bölgələrə səfər edənlərin DİQQƏTİNƏ: Bu ərazilərdən uzaq durun! - Leysan, sel...

7 İyun 2023 09:41

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub. Yağan leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan keçən Dəmiraparançaydan, Quba rayonu ərazisindən axan Vəlvələçaydan sel keçib.

Düşən yağıntının miqdarı Qaxda 156 mm (aylıq normanın 121 faizi), Qəbələdə 53 mm (aylıq normanın 47 faizi), Zaqatalada 48 mm (aylıq normanın 37 faizi), Şəkidə 37 mm (aylıq normanın 37 faizi), Balakəndə 27 mm (aylıq normanın 21 faizi), Şahdağda 23 mm (aylıq normanın 48 faizi), Oğuzda 23 mm (aylıq normanın 19 faizi), Altıağacda 16 mm (aylıq normanın 25 faizi), Qusarda 15 mm, Gədəbəy, Xaltanda 12 mm, Daşkəsən, Quba, Şəmkir, Şamaxı, Yevlax, Gəncə, Göygöl, Ağstafa, Ceyrançöl, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Tovuz, İsmayıllı, Qobustan, Pirallahı, Mingəçevirdə 5-10 mm-dək olub.

Öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti davam edib. İyunun 6-da şimal-qərb küləyi arabir Naftalanda 22, Neftçala, Mingəçevir, Şəki, Gəncə, Zaqatala, Balakəndə 20, Ağdamda 18, Sabirabad və Qaxda isə 17 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Quba, Qusar, Şahdağ, Altıağac, Balakən, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.

***

Davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə növbəti müraciət edib.

Müraciətdə deyilir:

"Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır.

Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Milli.Az