Kür-Araz çayları Ermənistan və Gürcüstan tərəfindən çirkləndirilir

17 May 2010 10:36
Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 603 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3 mis birləşmələri 2 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,68-6,00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Milli.Az