Azərbaycana minaların təmizlənməsi üçün edilən yardım okeanda bir damcı kimidir - Dennis Sammut

26 May 2023 12:11

Bu gün Azərbaycana bu istiqamətdə verilən beynəlxalq yardım okeanda bir damcı kimidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün "Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol" mövzusunda keçirilən beynəlxalq humanitar konfransda "Links Europe"un direktoru Dennis Sammut deyib.

O bildirib ki, Ağdama səfəri zamanı gördüklərindən dəhşətə gəlib. Böyük həcmdə dağıntılar onu dərindən təsirləndirib.

"Hər bir dağılan evi gördükcə düşünürdüm ki, illər əvvəl bu ərazilərdə ailələr yaşayıb. Biz Cənubi Qafqazda mina təmizlənməsi məsələsinə insani perspektivdən yanaşmalıyıq. Bu gün 600 min insan öz evlərinə qayıda bilmir, bu insanlar 1990-cı illərdən bəri qaçqındırlar. Bu minalar insanların evlərinə qayıtmasının qarşısını alır. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardım etməlidir, problemin ölçüsünü nəzərə alsaq, deyə bilərik ki, bu gün Azərbaycana bu istiqamətdə verilən beynəlxalq yardım okeanda bir damcı kimidir. Biz birgə işləməliyik, minatəmizləmənin humanitar sferasına fokuslanmalıyıq. Texniki dəstək verməliyik. Bu, insan hüquqları ilə bağlı məsələdir, bu ərazilərin sakinlərinin öz evlərinə qayıtması hüququ var. Biz dünyanı - beynəlxalq ictimaiyyəti Ağdama gətirməklə yanaşı, Ağdamı, burada törədilənləri dünyaya çatdırmalıyıq. Biz eyni zamanda məsələyə regional yanaşmalıyıq, Ermənistanda, Gürcüstanda da mina var, amma həcmi fərqlidir".

O bildirib ki, ölkələr Ottava Konvensiyasına qoşulmalıdır: "Azərbaycan böyük, varlı ölkədir, güclü ordusu, yaxşı diplomatik əlaqələri var. Biz Azərbaycanın regional liderliyini nəzərə almalıyıq. Regionda Azərbaycan minatəmizləmə sahəsində liderlik edə bilər, Azərbaycanın böyük təcrübəsi var və onu bölüşə bilər. İndi bir fürsət yaranıb ki, Azərbaycan bu liderliyini göstərsin. Mən ilin sonunda Cənubi Qafqazda minaların təmizlənməsi ilə bağlı beynəlxalq konfrans keçirməsini təklif edirəm, biz resurslar cəlb etməliyik. Biz bir sıra ölkələri bu səylərə cəlb etməli, ambisiyalı, innovativ yanaşma tətbiq etməliyik. Biz birgə işləyərək, 2030-cu ilə qədər Cənubi Qafqazı minalardan azad olunmuş bir regiona çevirə bilərik", - D.Sammut deyib.

Milli.Az