USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir - Maykl Nirbas

26 May 2023 10:11

USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir.

Bu barədə bazar ertəsi Trend-ə USAID-in Azərbaycan missiyasının direktoru Maykl Nirbas deyib.

Onun sözlərinə görə, bu istiqamətdə kənd təsərrüfatı və aqroturizm olmaqla iki prioritet istiqamət seçilib.

"Bu sektorlar qısamüddətli perspektiv baxımından böyük iqtisadi potensiala malikdir. USAID kənd təsərrüfatı sahəsində böyük iş təcrübəsinə malikdir, biz xüsusən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı sahəsində kiçik sahibkarlar üçün təlim və seminarlar keçiririk. İstehsal və ixracı artıq formalaşmış orta biznes subyektləri üçün biz yeni bazarlara, xüsusən Avropa, Yaxn və Uzaq Şərq bazarlarına çıxış sahəsində dəstək göstəririk, xarici bazarlardan və iştirakçılardan asılılığı aradan qaldırmağa yardım göstəririk. Həmçinin malların standartlaşdırılması, istehsal və ixrac olunan məhsulların beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində onlarla çalışırıq. USAID KOB subyektlərinə və Azərbaycan hökumətinə texniki və maliyyə dəstəyi göstərir", - o deyib.

Aqroturizm sektorundan danışan M.Nirbas USAID-in fermerlərə və bu sahədəki sahibkarlıq subyektlərinə texniki və maliyyə dəstəyi göstərdiyini deyib.

Milli.Az