Gəlin toydan qaçan ərini avtobusda tapıb evləndi

25 May 2023 16:08

Hindistanda gəlin toydan qaçan bəyi yaxalayaraq nikah masasına əyləşdirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Uttar Pradeş əyalətinin Bareilly şəhərində bir cütlük 2,5 illik münasibətini evliliklə taclandırmaq istəyib.

Toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy orada olmayıb. Ölkədə "mandap" kimi tanınan toy mehrabının altında ənənəvi toy geyimində gözləyən gəlin bəyə zəng edərək onun harada olduğunu soruşub. Bəydən "anamı toya gətirirəm" cavabını alan gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib.

Ən azı 20 kilometrlik iki saatlıq təqibdən sonra gəlin bəyi Bareilly kənarında avtobusda tapıb. Ailələrin dəstəyi ilə Bareilly kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.

Bu əsnada iki ailə və ətrafdakılar gəlini "evliliyini qoruyan cəsarət"ə görə təbrik edib, bəyi isə "evlilik məsuliyyətlərindən qaçdığına" görə onu danlayıblar.

Toy görüntülərində bəyin mərasimə gündəlik geyimində gəldiyi görülüb.

Milli.Az