DYP sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 May 2023 13:37

Bakı şəhər Dövlət Yol Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bu barədə Trend-ə idarənin əməkdaşı, polis mayoru Araz Əsgərli məlumat verib.

A.Əsgərli bildirib ki, müxtəlif formalı avtomobillərin iştirakı ilə, xüsusən də keçmiş illərdə qeydə alınan qanun pozuntuları, avtoxuliqanlıq əməllərinin videomaterialları müxtəlif sosial şəbəkə platformalarında yerləşdirilir, çaşqınlıq yaradılır, neqativ, qanunsuz hərəkətlər bilərəkdən və ya məsuliyyəti düzgün formada dərk etmədən cəmiyyətə, gənc nəslə nümunə kimi təqdim olunur.

"Bəzi şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək onları dırnaqarası qəhrəmanlıq kimi təqdim etməklə cəmiyyətə yanlış hərəkətləri aşıladıqlarını unutmamalıdır. Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir. Qanunun aliliyi prinsiplərinə sadiq qalmaqla və ictimai asayişin, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün maarifləndirici, təsiredici imkanları olan daha kreativ videoların paylaşılmasını tövsiyə edirik. Cəmiyyətimiz üçün aqressiya və hüquqpozama təbliğatı aparan şəxsləri məsuliyyətli olmağa çağırırıq. İstənilən blogerə, cəmiyyətdə nüfuz sahibi olan, ictimaiyyətin müsbət mənada qəbul etdiyi, həyat tərzi və davranışları ilə cəmiyyətə örnək ola biləcək şəxslərə isə bütün imkanlarzdan istifadə etməklə dəstək ola biləcəyimizi də hər zaman vurğuladığımız kimi, bir daha xatırlatmağı da faydalı hesab edirik. Gəlin, həmrəylik nümayiş etdirib ölkəmizdə yaşayan hər bir şəxsə qanunlara hörmətlə yanaşıb, məsuliyyətli vətəndaş olmağı və təhlükəsizlik mədəniyyətini təbliğ edək!", - deyə polis mayoru qeyd edib.

Milli.Az