Kılıçdaroğlu 15-ci məğlubiyyətinə hazırlaşır - Ərdoğan

23 May 2023 17:20

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 15-ci məğlubiyyətinə hazırlaşır.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində xalqa müraciəti zamanı deyib.

"14 may tarixində keçirilən prezident və parlament seçkilərində millətimiz terrorçularla əməkdaşlıq edənlərlə, türk, kürd ayrı-seçkiliyi edənlərə inanmadığını göstərdi. Seçkilərdə Malatya Cümhur İttifaqına rekord səviyyədə, 69%-ə yaxın səs verib. İndi 14 mayda göstərdiyiniz dəstəyi 28 mayda davam etdirməyin zamanıdır", - deyə o bildirib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az