Şəkidə məktəbdə baş verən kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı - YENİLƏNİB

23 May 2023 16:02

16:02

Şəki-Zaqatala Regional Təhsil İdarəsi bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslər barədə açıqlama verib. 

İdarədən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb:

"Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.

Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir".

Qeyd edilib ki, ilkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub:

"Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir. Hadisə haqqında əlavə məlumat veriləcək".

-------

14:54

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onların vəziyyətləri normaldır.

Milli.Az